Qlobal geosiyasi, geoiqtisadi, hərbi müstəvidə cərəyan edən proseslərin fonunda Fransa Prezidenti Emmanuel Makronun Kopenhagendə Azərbaycan dövlət başçısına sərgilədiyi isti münasibət hər kəsin diqqətini çəkdi. Zahiri səmimiyyətin Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar üzərindən baş verdiyi inkar olunmasa da, Fransa rəsmisinin ölkəmizə qarşı qərəzdən əl çəkdiyi birmənalı qarşılanmır.
Maraqlıdır, dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə isti münasibət sərgiləyən Makronun bu davranışı nədən xəbər verir?
Bu istiqamətdə Hafta.az-ın suallarını Milli Məclisin deputatı Hikmət Babaoğlu cavablandırıb.
- Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Emmanuel Makron Kopenhagendə bir araya gəldilər. Fransa rəsmisinin Azərbaycana münasibətindəki dəyişikliyi bu fonda necə dəyərləndirmək olar?
– Fransanın beynəlxalq hüquqa zidd davranışları, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə qarşı çıxması, işğalçı Ermənistana dəstək verməsi və bütün bunlar azmış kimi, həm də müxtəlif ölkələri və beynəlxalq təşkilatları Azərbaycana qarşı təzyiq vasitəsinə çevirmə cəhdləri Fransa-Azərbaycan münasibətlərinə ciddi zərər vurdu. İki dövlət arasında zərər görmüş münasibətlər, sadəcə, bir görüşlə, bir təmasla ortadan qalxacaq qədər kiçik deyil. Fransanın radikal, antidemokratik, hüquqazidd davranışları digər sferalara da öz təsirini göstərdi. Beləliklə, müşahidə etdiyimiz gərgin münasibətlər yarandı. Regionda münaqişəli vəziyyət ədalətin, haqqın, hüququn bərpası ilə yekunlaşdı. Fransanın bütün təxribatçı cəhdlərinə baxmayaraq, Azərbaycan ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etdi, üstəlik, ABŞ-də avqust ayının 8-də baş tutan üçtərəfli görüşdə də sülhü diplomatik müstəviyə çıxara bildi. İtirən Fransa tərəfi oldu. Düşünürəm, Fransa bu itkini asan həzm etməyəcək, Azərbaycanın bu qələbəsini uzun müddət qısqanclıq, həsədlə xatırlayacaq. Hesab edirəm, Kopenhagendə Azərbaycan və Fransa liderlərinin görüşməsi, sadəcə, Fransa-Azərbaycan münasibətlərinin əvvəlki məcraya qayıtması üçün başlanğıc ola bilər. Ona görə də Fransa Azərbaycanla münasibətləri öz məcrasına qaytarmaq üçün daha çox cəhd etməlidir.
– Fransa Prezidenti Makronu Azərbaycan liderinin əlini sıxmağa məcbur edən səbəblər nədir? Onun Azərbaycan liderindən hansı istəkləri, xahişləri ola bilər?
– Kopenhagendə Azərbaycan Prezidenti ilə görüş təşəbbüsü Fransa Prezidenti Makron tərəfindən gəldi. Görünürdü ki, bu görüş Makron üçün xeyli dərəcədə əhəmiyyətlidir. Məsələ ondadır ki, bu gün Makron hakimiyyətinin həyata keçirdiyi siyasətin Fransada sosial bazası yoxdur. Makron siyasətini dəstəkləyən elektorat minimima enib və cəmi 27 faiz qalıb. Eyni zamanda, Fransanın aqressiv davranışları onun Avropa Birliyində təklənməsinə gətirib çıxarır. Əlbəttə, iqtisadi münasibətlərin tənzimlənməsi, Avropanın etibarlı enerji tərəfdaşı kimi Fransanın bu istiqamətdə Azərbaycanla tərəfdaşlıq etmək cəhdləri, həm də Ermənistan -Azərbaycan arasında paraflanmış sülh sənədindən sonra yenidən Fransanın regionda iqtisadi məqsədlərlə iştirak etmək arzusu onu bu hərəkətlərə sövq edir. Nəticə etibarilə Makron məğlub olduğunu bilir və Azərbaycanın gücünü yenidən dərk etmək məcburiyyətini hiss edir. Dənizaşırı ölkələrdə Azərbaycanın Fransa müstəmləkələrində həyata keçirdiyi fəaliyyət bunun beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi və Fransanın imperialist siyasətinə korrektələr etməsi Azərbaycanın gücsüz ölkə olmadığının göstəricisidir. Belə olan halda, Makron ümid edir ki, münasibətləri diplomatik-siyasi müstəvidə tənzimləmək daha yaxşı olar, nəinki qarşılıqlı maraqlara zərbə vurmaqla bir-birini küncə sıxışdırmaqla. Ona görə də Makronun atdığı addımlar real proseslərin məntiqi nəticəsindən irəli gəlir.
– Vaşinqton razılasması Parisin hansı planlarını pozdu?
– 8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanan sülh sənədi Fransanın bütövlükdə Cənubi Qafqaz və mən deyərdim ki, postsovet siyasətinə ciddi zərbə vurdu. Fransa hesab edirdi ki, Rusiya üzərindən boşalmaqda olan Cənubi Qafqazda boşluq yaranıb və bunu dolduracaq yeganə güc Fransadır. Bu kontekstdə tarixi müttəfiq hesab elədiyi Ermənistana arxalanırdı. Ona görə də Avropa Birliyindəki bəzi ölkələri də öz siyasətinin girovuna çevirdi, Avropa Birliyindəki imkanlarından istifadə edərək monitorinq missiyasını Ermənistanda – Azərbaycanla sərhəddə yerləşdirməyi bacardı. Arzu edirdi ki, eyni monitorinq qrupunu Azərbaycan tərəfində də yerləşdirib, Cənubi Qafqazda özünün hərbi-siyasi iştirakçılığını təmin etsin. Azərbaycan isə elə bir addım atdı ki, onun bu niyyətləri alt-üst oldu. Beləliklə, Fransanın Cənubi Qafqazla bağlı imperialist siyasəti tamamilə iflasa uğradıldı. Sülh adı altında Fransanın regiona girmək və diqtə edən tərəf olmaq istəkləri boşa çıxdı. Fransa Cənubi Qafqazda sülhü öz girovuna çevirə bilmədi. Ona görə də çox şey itirdi. Avropa Birliyinin, başda Şarl Mişel olmaqla, səyləri nəticəsində sülh sazişi paraflansaydı, burada Avropanın müəyyən iştirakçılığı olardı. Yaxud, Fransa əvvəldən sülhpərvər mövqe nümayiş etdirib, Azərbaycanın da maraqlarını və mövqeyini nəzərə alsaydı, bəlkə də başqa formatda sülh əldə edilə bilərdi.
Fransanın yanlış siyasəti Avropa Birliyi ilə birlikdə Azərbaycan-Ermənistan arasındakı münasibətlərə müdaxilə imkanlarını sıfıra endirdi. Bu, Azərbaycanın tarixi nailiyyətidir.
– Parisin Avropada anti-Azərbaycan fəaliyyətində səngimə müşahidə edə bilərikmi?
– Rəsmi Parisin Avropada və dünyada anti-Azərbaycan fəaliyyəti səngiməyəcək. Fransa–Azərbaycan münasibətləri zahirən yaxşı göründüyü vaxtda belə, Fransanın Azərbaycana və türk–müsəlman dünyasına qarşı islamafob fəaliyyəti bəlli idi. Sadəcə, Makron Fransanın bu gizli siyasətini aşkar etməklə öz mövqeyini ifşa etdi. Fransanın bundan sonra Azərbaycana qarşı münasibətində kardinal dəyişiklik edəcəyi gözlənilən deyil. Makron hakimiyyətdə olsa da, getsə də, Fransanın bu siyasəti dəyişməyəcək.
– Ümumilikdə, ABŞ Avropa Birliyini, Fransanı Azərbaycana qarşı “konstruktiv” mövqeyə gətirmək üçün onlara hansı vədi verib və bu münasibət nə vaxta kimi davam edə bilər?
– ABŞ Avropanı, Rusiyanı küncə sıxışdırıb. Rusiya–Ukrayna müharibəsinin “memarı” olan ABŞ bir strateji silahla neçə-neçə hədəfi vurmağı bacarıb. Avropa II Dünya müharibəsi dövründə olduğu qədər ABŞ-dən asılı vəziyyətə düşüb. Düşünürəm, müharibə bitdikdən sonra, ABŞ-nin Avropaya qarşı növbəti iqtisadi ekspansiyası davam edəcək. Biz ABŞ-nin Avropada yeni “Marşal” planlarının təkrarını görəcəyik. Ona görə də Makronun Azərbaycana hazırkı yanaşması heç də Fransanın Avropanın Azərbaycana münasibətindəki konstruktiv yanaşma ilə izah edilməməlidir. Bu, Avropanın gücsüzlüyü ilə izah edilməlidir. Tramp elə bir siyasətçidir ki, gücsüz tərəflə konstruktiv mövqeyə gəlməz. Ona görə də burada Avropanın, xüsusən Fransanın qazancı sıfır olub.